четверг, 1 октября 2015 г.

“Avesta”yla başlanan yazılı ədəbiyyatımız

Azərbaycanın şifahi xalq nümunələri kimi, yazılı ədəbiyyatı da zəngin tarixə malikdir. Əsas yazılı qaynaqlarda adı keçən belə nümunələrdən ən qədimi e.ə. VI əsrdə Midiya dövləti (e.ə.VII-VI əsrlər) ərazisində meydana çıxmış və müəllifliyi Zərdüşt peyğəmbərə aid edilən “Avesta”dır.
Zərdüştün xeyir qüvvələrin başçısı Ahura Mazdaya (Hörmüzd) müraciətləri şəklində yazılmış “Avesta”da qədim insanların dünyanı və cəmiyyəti idarə edən xeyir və şər qüvvələr haqqında təsəvvürləri bədii-obrazlı şəkildə əks olunmuşdur. “Avesta”nın bədii cəhətdən ən gözəl hissəsi olan “Qatlar”da Zərdüştün insan və cəmiyyət, təbiət və fərd haqqında fəlsəfi-əxlaqi düşüncələri verilir.
“Avesta” ilkin halında, bütöv şəkildə bizə gəlib çatmamışdır. Bu əsəri e.ə. IV yüzillikdə Makedoniyalı Iskəndər yandırmış və onun mətnindən yalnız ayrı-ayrı fraqmentlər atəşpərəst kahinlərin yaddaşında qorunub saxlanaraq sonralar bir yerə toplanmış və pəhləvi dilinə tərcümə edilmişdir.
“Avesta”da Azərbaycan xalqının mifoloji dünyagörüşünün mühüm cəhətləri əks olunaraq dövrümüzə qədər gəlib çatmışdır. Xüsusən, dünyanın yaranması, ilk insanın meydana çıxması, bəşəriyyətin “qızıl dövrü”, ilk günah və Tanrının qəzəblənərək insanlara narahatlıq, xəstəlik, bəla göndərməsi haqqında mifoloji motivlər dünya xalqlarının mifologiyasında geniş yayılmış ünsürlərdəndir.
Xalq arasında dillər əzbəri olan Dədə Qorqud dastanları da bu siyahıda xüsusi yer tutur. Kökləri mifoloji dünyagörüşünə gedib çıxan bu dastanlar b.e. XI əsrində “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmışdır. Indi əlimizdə olan nüsxələr isə dastanın XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Bədii abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrincə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti Qədim Yunanıstanda yaranmış analoji süjetlərin yaranmasına (Siklop) təkan vermişdir.
Indiyədək “Kitabi-Dədə Qorqud”un iki əlyazması məlumdur. Bunlardan biri – alman şərqşünası F.fon Dits tərəfindən Istanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.
Ənənəyə görə, dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.
Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: “Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Bayburanın oğlu Bamsı Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynəyin boyu”, “Basat Təpəgözü öldürdüyü boy”, “Bəkil oğlu Əmranın boyu”, “Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur Qazan dustaq olub oğlu Uruzu çıxardığı boy”, “Iç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”.
Yeni meyllər, yeni əsərlər
“Avesta”dan sonra ümumtürk kontekstində Azərbaycan yazılı ədəbiyyatının örnəkləri e.ə. 328-ci ildə Çin qaynaqlarında verilmiş bir türkcə atalar sözü və ortaq türk ədəbiyyatları statusunda qələmə alınmış, e.ə. VI-VIII əsrlərə aid olan daş üzərində yazılardır. Bu yazılar hökmdarlara epitafiya-salnamə xarakteri daşısa da, onların bədii məziyyətləri də yüksəkdir və həmin dövrdə türk ədəbi dilinin inkişafı, obrazlar sisteminin formalaşması haqqında müəyyən təsəvvür yaradır.
Kaşğarlı Mahmudun əsəri isə türk mifologiyası və folklorunun bir çox örnəklərini yazıya alıb sabitləşdirməsi ilə əhəmiyyət kəsb edir.
Qədim ədəbiyyatımıza Albaniya dövründə yaranan nümunələr də ayrı bir rəng qatır. Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V əsrə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır. Alban hökmdarı Cavanşirin ölümünə şair Dəvdəkin yazdığı ağı bir çox cəhətlərinə görə qədim türk hökmdarı Alp Ər Tonqaya həsr edilmiş ağıya bənzəyir. VII-VIII əsrlərdə islam xilafətinin mərkəzi şəhərləri olan Mədinədə və Məkkədə yaşayıb yaratmış Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və Ismayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Bunu mütəxəssislər də təsdiq edirlər. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir. Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər. Dövrünün görkəmli filoloqu olan Xətib Təbrizinin ədəbiyyatşünaslıq sahəsində böyük xidmətləri vardır. Onun “Şərhül-Həmasə” adlı əsəri min ilə yaxındır ki, şərqşünas və ədəbiyyatşünaslar arasında öz böyük nüfuzunu saxlamaqdadır. Bu əsər haqqında onlarla elmi araşdırma yazılmış və nəşr olunmuşdur.
XI əsrin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin (1012-1088) əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və cəhətlər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. Qətran Təbrizi poeziyasının dili – azərbaycanca (türkcə) düşünüb farsca yazan bir sənətkarın dilidir və bu xüsusiyyət, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir. Bunu, Qətran Təbrizi dövründə yaşamış və şairlə şəxsən tanış olmuş məşhur Iran şairi və alimi Nasir Xosrov da etiraf etmiş və Qətranın fars dilini o qədər də yaxşı bilmədiyini özünün “Səyahətnamə” əsərində qeyd etmişdir.
Qətranın müasir dövrə gəlib çatmış “Divan”ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş-nəsib hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış və Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır.
Nizami və Füzuli ilə gələn bəşəri ideyalar
1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir.
Saray ədəbi mühitində – XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (-1190), Izzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər.
XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi.
Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126-1199) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir. Islam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir.
Azərbaycan ədəbiyyatında bu mərhələdən etibarən öz imzası olan onlarla məşhur şairin adını çəkmək olar. Bu şairlər arasında dünya səviyyəsində poeziya nümunələri yaratmış Nizami Gəncəvi (1141-1209) və Məhəmməd Füzuli (1494-1556) böyük zirvələrə yüksəlmişlər. Təsadüfi deyil ki, Azərbaycan ədəbiyyatında misilsiz incilər yaratmış bu şairlərin əsələri bu gün də eyni dərəcədə müasir, bəşəri və ibrətamizdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

Комментариев нет:

Отправить комментарий