Heydər Əliyev və Azərbaycan ədbiyyatı

Ümummilli lider Heydər Əliyev türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin ən böyük hamisi kimi


Türkdilli xalqlar ən qədim zamanlardan Avrasiya məkanının çox böyük hissəsində yaşayaraq bəşər mədəniyyətinə misilsiz töhfələr vermiş, onu daim zənginləşdirmişlər. Tarix boyu türk xalqları təcavüzlərlə, bəzən varlıqlarını təhlükə altına alan müharibələrlə qarşılaşmışlar. Lakin xalqlarımızın dərin qədim tarixi köklərlə, mənəvi tellərlə bir-birinə bağlılığı onları zamanın bütün sınaqlarından qalibiyyətlə çıxarmışdır.

Çoxəsrlik tariximizdə türkdilli xalqları yaşadan, türk dünyası vəhdətini qoruyub saxlayan ən əsas bağlar ortaq mədəniyyətimiz və ədəbiyyatımızdır desək, yanılmarıq. Çünki türkdilli xalqlar tarix boyu insan fəaliyyətinin bütün sahələrində öz istedadlarını, biliklərini, bacarıqlarını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, tarixi-memarlıq abidələri, bədii əsərləri, musiqiləri ilə bəşər tarixinə parlaq səhifələr yazmışlar. Bu tarixi uğurlarda türk xalqlarının şairlərinin və yazıçılarının xidməti çox böyükdür.

Digər tərəfdən, artıq bəşər tarixi sübut etmişdir ki, hər bir xalqın milli-mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Türk xalqlarının əvəzsiz mənəvi sərvəti olan ortaq dilimizi isə yaşadan və inkişaf etdirən şairlərimiz, yazıçılarımızdır. Təsadüfi deyildir ki, biz türkdilli xalqların böyük mədəniyyəti haqqında danışarkən ilk növbədə onların yaratdıqları bədii əsərlərə istinad edir, nümunələr gətirir və təbliğ edirik. "Kitabi-Dədə Qorqud", "Manas", "Alpamış", "Koroğlu" dastanları, dahi Nizami Gəncəvi, Yunus İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay Kunanbayev və s. kimi söz sərraflarının əsərləri türkdilli xalqları dünyada tanıtmış və onların yaratdıqları sənət inciləri nəsildən-nəslə türk övladını milli-mənəvi, həmçinin ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, vətənpərvərlik hisslərini daim gücləndirmişdir.

Məlumdur ki, artıq bizi 13 illik zaman məsafəsi ayıran XX əsr bütövlükdə dünya tarixində çox mürəkkəb, ziddiyyətli, gərgin proseslər dövrü olmuşdur. Əsrin ictimai-siyasi hadisələri, o cümlədən xalqların həyatında ictimai oyanış, ABŞ-ın və Avropanın iri dövlətlərinin Avrasiya məkanı üzrə siyasəti, Birinci Dünya müharibəsi, qırmızı Sovet imperiyası, bu imperiyanın kütləvi həbslər, sürgünlərlə müşayiət edilən repressiyaları, soyuq müharibə illəri, SSRİ-nin dağılması türk dünyasına təsirsiz ötməmişdir.

Bu arada bir maraqlı məqamı-türk dünyasının ötən əsrdə yetişdirib tarix səhnəsinə çıxardığı dahi şəxsiyyətlər - Mustafa Kamal Atatürk və Heydər Əliyev kimi liderlərin hadisələrin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərə bilmək bacarıqlarını, dünya tarixinə yeni parlaq səhifələri yazmaq istedadlarını xüsusi qeyd etmək yerinə düşər.

Uca Tanrının ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində ümummilli liderimiz Heydər Əliyev tarixi hadisələrin gedişini irəlicədən görə bilmiş, olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən anda əsl vətənpərvərlik mövqeyi nümayiş etdirmişdir. Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədlərindən olmuşdur. Ulu öndər belə bir müqəddəs məramını həyata keçirməkdə şairlərin və yazıçıların rolunu xüsusi qiymətləndirmişdir. Təsadüfi deyildir ki, o, türk xalqları yazıçılarının 1996-cı ildə Bakıda keçirilən qurultayında demişdir: "Ancaq mənim tövsiyəm ondan ibarət olardı ki, bizim xalqlarımızın bir-biri ilə daha da yaxınlaşması üçün, bir-birini bilavasitə daha da anlaşması üçün, dillərimizin inkişaf etməsi üçün və bir kökdən olan dillərimizin bir-birinə daha da yaxınlaşması üçün yazıçılar öz xidmətlərini göstərsinlər. Bizim dillərimiz bir kökə mənsubdur və bir-birimizi anlayırıq. Ancaq yaxşı olardı ki, dediyim bu sözləri mənim özbək, qırğız, qazax qardaşlarım da azərbaycanlı kimi anlasınlar və eyni zamanda bu qurultayda Başqırdıstandan, Qırğızıstandan olan yazıçıların çıxışlarını bizim azərbaycanlılar da tamam anlaya bilsinlər".

İstər sovet, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyev türkdilli xalqlar arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Ağır sovet sistemi şəraitində işləməsinə baxmayaraq ümummilli liderin fəaliyyətində türk dünyası ilə əlaqələrin qurulması və genişləndirilməsi mühüm yet tutmuşdur. Bu fəaliyyət mövcud şəraitə uyğun olaraq ehtiyatla, məharətlə və uğurla həyata keçirilmişdir. Məhz ümummilli liderimizin SSRİ rəhbərliyinə tövsiyəsi ilə Azərbaycan ilə qonşu türkdilli respublikalar, o cümlədən Özbəkistan, Qazaxıstan, Başqırdıstan və başqaları arasında ədəbi-mədəni əlaqələr inkişaf etmiş, mədəniyyət günləri, yubileylər, konsertlər və digər tədbirlər keçirilmişdir. Bütün bu tədbirlər xalqların bir-birinə yaxınlaşmasında, milli oyanışında mühüm rol oynamışdır. Xalqlar öz tarixi keçmişləri və gələcək inkişafı haqqında düşünmüşlər ki, bu da türk dünyasının birləşməsi yolunda geniş strateji fəaliyyətin tərkib hissələrindən biri olmuşdur.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda türkologiya sahəsində elmi araşdırmaların aparılmasına, türk yazılı abidələrinin qorunmasına, tərcüməsinə və xalq arasında təbliğinə şərait yaradılmış, türkoloqlara dövlət qayğısı göstərilmişdir. Türkdilli abidələrə ekran həyatı verilməsinə təşəbbüs edən ümummilli liderin qayğısı altında türk dünyasının möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı əsasında "Dədə Qorqud" bədii filmi çəkilmişdir.

Ulu öndərin türk dünyasına diqqət və qayğısı böyük türkçü, turançı mütəfəkkir Hüseyn Cavidə münasibətində də özünü göstərmişdir. Onun nəşinin uzaq Sibirdən Azərbaycana köçürülməsi sovet sistemində xeyli çətin, mürəkkəb bir iş olsa da, ümummilli lider Heydər Əliyev bu tarixi missiyasını böyük uğurla başa çatdırmışdır.

Heydər Əliyev öz fəaliyyətində Azərbaycan, Türkiyə, türk və müsəlman dünyasına daha geniş baxaraq onları vəhdətdə görmüşdür. Ulu öndərin təşəbbüsü ilə Azərbaycanda qazax şairi Abay Kunanbayevin 125, özbək ədəbiyyatının klassiki, mənşəcə azərbaycanlı olan Maqsud Şeyxzadənin 70 illik yubileyləri təntənə ilə keçirilmişdir.

XX əsrin 70-80-ci illərində Azərbaycanda yaşayan Ahısxa türklərinin ali təhsil almalarında, onlardan ixtisaslı kadrların hazırlanmasında, həyat şəraitlərinin yaxşılaşdırılmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdur.

Hətta dahi siyasətçi SSRİ hökumətinin xarici siyasi maraqlarından da məharətlə istifadə etmişdir. Ulu öndərin İraq türkmənləri ilə əlaqələrin qurulmasına dair SSRİ rəhbərliyinə tövsiyələri İraq türkmənlərindən Azərbaycana tələbə mübadiləsi ilə reallaşmış və sonralar daha da genişlənmişdir.

Heydər Əliyev Türkiyə ilə mədəni əlaqələrin genişlənməsinə, rəsmi qonaqların ən yüksək səviyyədə qarşılanmasına, Azərbaycan şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin Türkiyəyə səfərlərinin müntəzəm xarakter almasına, elmi-tarixi, bədii ədəbiyyatın qarşılıqlı mübadiləsinə nail olmuşdur. Onun hakimiyyəti dövründə türkiyəli aktyor Azərbaycanın opera səhnəsində rol ifa etmişdir. "Soyuq müharibə" illərində SSRİ-Türkiyə münasibətlərində olan problemlərə baxmayaraq, Azərbaycan və Türkiyə mətbuatında hər iki tərəf haqqında xoş məramlı məqalələr, o cümlədən səfər təəssüratları dərc edilmişdir.

Azərbaycan, həmçinin SSRİ-yə daxil olan digər türkdilli respublikalar dövlət müstəqilliyi əldə etdikdən sonra bu əlaqələr daha da genişlənmiş və möhkəmlənmişdir. Ulu öndər Heydər Əliyev 1996-cı ildə türk yazıçılarının üçüncü qurultayının ölkəmizdə keçirilməsini əlamətdar hadisə hesab etmiş və bunu Azərbaycan Respublikasına, xalqına olan hörmət və ehtiramın təzahürü kimi çox yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, xalqlarımızın mədəniyyəti, ədəbiyyatı, şeiri bir çox məhrumiyyətlərə, çətinliklərə məruz qalmışdır. Bu çətinliklər tarixin, ola bilər ki, bəzən çox böyük mərhələlərində mədəniyyətimizə zərbələr vurmuş, ancaq mədəniyyətimizi, ədəbiyyatımızı, şeirimizi məhv edə bilməmişdir. Türkdilli xalqların bütün bu çətinliklərdən, sınaqlardan çıxmış mədəniyyəti, ədəbiyyatı, şeiri indi dünyada, bəşəriyyətdə özünəməxsus görkəmli yerini tutmuşdur. Ulu öndər "Kitabi-Dədə Qorqud"un 1300, "Manas"ın 1000, böyük qazax şairi, filosofu Abayın 150, Özbəkistanın böyük dövlət xadimi, türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660, Azərbaycan şairi, eyni zamanda, bütün türk dünyasına mənsub olan Məhəmməd Füzulinin 500 illik yubileyinin türkdilli dövlətlərin bir yerdə qeyd etmələrini böyük tarixi hadisələr kimi çox yüksək qiymətləndirmişdir.

Ümummilli lider Heydər Əliyev türk xalqlarının əlaqələrinin möhkəmlənməsi yolunda atılan bütün addımları yüksək qiymətləndirmiş, fəaliyyəti boyu müvafiq istiqamətdə keçirilən tədbirlərin təşəbbüskarı, təşkilatçısı, iştirakçısı olmuşdur. O, TÜRKSOY Beynəlxalq təşkilatının Bakıda keçirilən 8-ci toplantısında təşkilatın yarandığı vaxtdan məhsuldar fəaliyyətini xüsusilə qeyd etmişdir. Bildirmişdir ki, TÜRKSOY xalqlarımız üçün daha çox iş görə bilər. Mədəniyyət, ədəbiyyat vasitəsilə bu əlaqələri daha da genişləndirmək xalqlarımız üçün çox lazımdır, zəruridir.

Ümummilli lider Heydər Əliyevin hazırladığı neft strategiyasının bəhrəsi olan "Əsrin müqaviləsi"nin imzalanmasında da Azərbaycanın maraqlarının qorunması ilə yanaşı, türk birliyinin mənafe və mövqeyi qətiyyətlə nəzərə alınmışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişində daim Türkiyə ilə eyni maraqları bölüşən Azərbaycan layihələrin gerçəkləşməsində də iki dost, qardaş xalqın mövqeyini qətiyyətlə dəstəkləmişdir.

Ümummilli lider Heydər Əliyev Dünya azərbaycanlılarının birinci qurultayını təşkil etməklə təkcə Azərbaycan xalqının deyil, bütünlükdə türk dünyasının lideri kimi tarixi missiyanı həyata keçirmişdir.

Hansı sosial-iqtisadi, ideoloji sistemin mövcudluğundan asılı olmayaraq ulu öndər Heydər Əliyevin fəaliyyəti türk xalqları arasında əlaqələrin konkret şəraitdə inkişafına xidmət etdiyindən böyük tarixi əhəmiyyət daşımışdır.

Bu gün eyni məqsəd və məram əqidəsinə sadiqliyi ilə hörmət və ehtiram qazanmış ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirilir. Təsadüfi deyildir ki, günbəgün türkdilli xalqların yazıçıları bir-birinə yaxınlaşır, kömək edir, xalqlarımızın ədəbiyyatını, mədəniyyətini, keçmişini, bu gününü daha geniş təhlil edib yeni-yeni dəyərli əsərlər yaradırlar.

Комментариев нет:

Отправить комментарий